Haqqımızda Reklam
14 
Okt
2025
23:48
16
4
418

Yepiskop Şio: "Son dövrlərdə xalqın bir hissəsi xristian dəyərlərindən uzaqlaşıb"

Gürcüstan Pravoslav Kilsəsinin patriarx taxtının canişini, Senaki və Çxorotsqu mitropoliti Şio, Svetitsxovloba bayramı münasibətilə keçirilən dini mərasimdə çıxış edərək Gürcüstanın xristian irsini və milli dəyərlərini vurğulayıb. 24News.ge xəbər verir ki, Mitropolitin sözlərinə görə, xristianlıq gürcü xalqına mənəvi kamillik, həqiqət və həyat yolunu tanıdıb. Mitropolit Şio çıxışı zamanı, 2026-cı ildə qeyd olunacaq Gürcüstanda xristianlığın dövlət dini elan olunmasının 1700 illiyi münasibətilə yaradılmış xüsusi komissiyanın müraciətini də səsləndirib. Müraciətdə xalq bu əlamətdar tarixin layiqincə qeyd olunmasına və milli-mənəvi birliyə çağırılır. Mitropolit bildirib ki, Gürcüstan Pravoslav Kilsəsinin rəhbəri, Katolikos-Patriarx II İliyanın xeyir-duası ilə yubiley tədbirlərinə hazırlıq aparılır. Bu münasibətlə ölkənin bütün bölgələrində, eləcə də xaricdə yaşayan gürcülərin iştirakı ilə dini və mədəni tədbirlərin keçirilməsi planlaşdırılır. Komissiyanın müraciətində vurğulanıb ki, son dövrlərdə xalqın bir hissəsi xristian dəyərlərindən uzaqlaşsa da, Gürcüstanın tarixində din və milli kimlik daim bir-birini tamamlayıb. Mitropolit Şio qeyd edib ki, 1700 illik yubileyə qədər Gürcü xalqı iki önəmli tarixi hadisəni də qeyd edir: – Müqəddəs Kral IV Davidin vəfatının 900 illiyi (2025), – və Müqəddəs Kraliça Ketevanın şəhidliyinin 400 illiyi (2024). Həmçinin müraciətdə Gürcüstanın mənəvi tarixində mühüm rol oynamış müqəddəslərin – Müqəddəs Nino, Müqəddəs Mirian və Nana, Müqəddəs Abo Tiflisli, Müqəddəs Tamaranın adları xüsusi olaraq qeyd olunub. Komissiya xalqa müraciət edərək, yubiley ilində milli-mənəvi dəyərlərin geniş təbliğ olunmasını, ailələrdə, məktəblərdə, dövlət və ictimai qurumlarda bu dəyərlərin yenidən canlandırılmasını vacib sayır. Mərasimdə mitropolit Şio həmçinin Manqlisi və Tetriçqaro mitropoliti Ananiyanı, eləcə də Marqveti və Ubisa yepiskopu Melkisedeki angelos günü münasibətilə təbrik edib.

www.24news.ge