Haqqımızda Reklam
12 
Yan
2026
21:32
46
6
3260

Qaribaşvilinin 6,5 milyon dolları, 1 milyon larisi və iki avtomobili müsadirə ediləcək

Sabiq baş nazir İrakli Qaribaşviliyə qarşı irəli sürülmüş ittihamın formulu dəyişdirilib. 24News.ge xəbər verir ki, bu barədə onun vəkili Mixeil Şaqulaşvili məlumat verib. Vəkilin sözlərinə görə, prokurorluq müdafiə tərəfinin təqdim etdiyi sübutların bir hissəsini qəbul edib və nəticədə Qaribaşviliyə qarşı zavodla bağlı ittiham ləğv edilib. Hazırda ona yalnız Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsinin “g” bəndi ilə – şərab sənayesindən əldə olunan gəlirlərin bəyan edilməməsi maddəsi üzrə ittiham saxlanılıb. Mixeil Şaqulaşvili bildirib ki, sözügedən əməllər vəzifə cinayəti deyil və maliyyə sahəsində törədilmiş cinayətlər kateqoriyasına aiddir. Onun sözlərinə görə, Qaribaşvili bu ittihamı qəbul edib. Prosessual razılaşmaya əsasən, İrakli Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib, 1 milyon lari məbləğində cərimə ödəməyə və iki avtomobilini dövlətin xeyrinə verməyə məhkum olunub. Vəkil həmçinin qeyd edib ki, Qaribaşvili heç kimə qarşı ifadə verməyib və vermək niyyətində deyil: “Bu iş üzrə ona yalnız ‘pul yuyulması’ maddəsi ilə ittiham irəli sürülüb, o da günahını etiraf edib. Bundan başqa hər hansı yeni və ya əlavə ittihamdan söhbət getmir”, – deyə Şaqulaşvili bildirib. Vəkilin verdiyi məlumata əsasən, Qaribaşvilinin evindən götürülən 6,5 milyon dollar müsadirə edilərək dövlət büdcəsinə köçürülüb. Eyni zamanda, evdən çıxarılan bəzi qızıl məmulatların və digər əşyaların ona məxsus olmadığı vurğulanıb. Şaqulaşvili əlavə edib ki, Qaribaşvilinin digər məhkumlar kimi şərti azadlığa buraxılma və əfv üçün müraciət etmək hüququ var, lakin bu məsələdə hələlik hər hansı qərar qəbul edilməyib. Qeyd edək ki, İrakli Qaribaşvili külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunub. Prokurorluq sabiq baş nazir ilə prosessual razılaşma imzalayıb. Razılaşmaya əsasən, Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib və ona 1 milyon lari məbləğində cərimə kəsilib. Qaribaşvili bu gün Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

www.24news.ge