Haqqımızda Reklam
20 
Yan
2022
18:32
22
3
1060

Paytaxt Tbilisidə 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib (FOTO)

Tbilisidə Milli Parlament Kitabxanasının akt zalında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. 24News.ge xəbər verir ki, tədbir iştirakçıları ilk öncə “Qanlı Yanvar”ı əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər. Daha sonra mərasim, 20 Yanvar və 9 aprel şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İlk öncə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev faciə ilə bağlı hadisələrin xronologiyasından danışıb. O deyib ki, bu günü Azərbaycan xalqının yalnız hüzn və matəm günü deyil, həm də şərəf və qəhrəmanlıq günüdür. Səfir təssüflə qeyd edib ki, bu gün də 20 Yanvar faciəsinin təşəbbüskar və icraçıları azadlıqda gəzirlər, lakin onlar insanlığa qarşı etdikləri zülmə görə, mütləq şəkildə cəzalandırılmalıdırlar. Faiq Quliyev 20 Yanvar və 9 Aprel hadisələrini qeyd edərək Azərbaycan və gürcü xalqlarının azadlığa gedən yolda oxşar talelər yaşadığını vurğulayıb. Mərasimdə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan da çıxış edərək, Azərbaycanın müstəqilliyi 20 Yanvar şəhidlərinin qanı bahasına əldə olunduğunu bildirib. Tədbirdə Azərbaycanın Əməkdar artistləri – pianoçu Nərgiz Əliyeva və kamança ustası Fəridə Məlikova, violençelist Giorgi İmanov həzin musiqilər ifa ediblər, gürcü aktyorlar 20 yanvar və 9 Aprel faciələrini əks etdirən pantomim səhnəciklə çıxış ediblər. Mərasimdə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Marneuli meri Kənan Ömərov, parlament üzvləri Zaur Darğallı və Savalan Mirzəyev, azərbaycanlı və gürcü ziyalılar, iş adamları, gənclər iştirak ediblər. Qeyd edək ki, mərasim Azərbaycanın Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989