Haqqımızda Reklam
23 
Sen
2022
16:13
58
7
1277

Qaçağan kəndində Qarabağ şəhidlərinin xatirəsi yad edilib (FOTO)

Sentyabrın 12-dən, 13-nə keçən gecə erməni təxribatının qarşısını alarkən Şəhidlik zirvəsinə ucalan qəhramanların ruhlarına ehtiram məqsədilə, Marneuli bələdiyyəsinin Qaçağan kəndində anım mərasimi keçirilib. 24News.ge xəbər verir ki, kəndin mərkəzində yerləşən mədəniyyət evinin qarşısında baş tutan anım mərasimində kənd ziyalıları, gənclər və digər qonaqlar iştirak ediblər. Mərasimdə erməni silahlı birləşmələrinin törətdiyi təxribatlar nəticəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik skutla yad edildikdən sonra onların ruhuna müqəddəs Qurani-Kərimdən ayələr tilavət olunub, ehsanlar verilib və dualar edilib. Tədbirdə çıxış edən kənd ziyalıları, 30 ildən çox bir müddətdə Azərbaycan xalqının işğalçılıq siyasətindən əziyyət çəkdiyini və beynəlxalq qurumların bu məsələdə əməli fəaliyyət göstərmədiklərini bildiriblər. Qeyd olunub ki, bu gün Azərbaycan haq mübarizəsi aparır və öz tarixi torpaqlarını işğaldan azad edir. Ziyalılar, hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini də qeyd ediblər. Çıxış edən ziyalılar bildiriblər ki, Gürcüstan və Azərbaycan xalqı eyni tale yaşayıb. Bu gün də Vətənimiz Gürcüstanın 20% torpaqları işğal altındadır. Elə buna görə də, hər iki xalq bir birinin dərdini çox yaxşı başa düşür. Mərasimdə Vətən müharibəsində Şəhid olmuş əslən Marneuli rayonunun Qaçağan kəndindən olan Məhərrəmov Orxan Binnət oğlunun nənəsi Nazran Məhərrəmova da iştirak edib. O, belə bir mərasimin təşkilinə görə kənd sakinlərinə öz minnətdarlığını bildirib. Məlumat üçün bildirək ki, anım mərasimi Qaçağan kənd ziyalısı Məhərrəm Məhəramov və kəndin gənclərinin birgə zəhməti ilə baş tutub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989