Haqqımızda Reklam
21 
Mar
2023
08:04
100
2
1495

Bu gün Gürcüstanda Novruz bayramı qeyd olunur

Bu gün dünyanın hər yerində olduğu kimi, Gürcüstanda yaşayan azərbaycanlılar da ən sevimli bayramlarından biri olan Novruz bayramını qeyd edir. 24News.ge xəbər verir ki, xalqımızın qədim adət-ənənələrindən olan bu bayram xüsusi təmtaraqla qeyd olunur. Bu il ölkəmizə yaz fəslinin gəlişi martın 21-i saat 01:24:24-ə təsadüf edib. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayır. Şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Qədim zamanlarda bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur. Bu bayramın özünəməxsus adət-ənənələri də var: qurşaq atmaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, xonçaı bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaq (məsələn, ənzəli) və s. Novruz bayramına dair inanclar: "Qapıya atılan qurşağı boş qaytarmazlar, "Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir", "Tonqaldan tullanarkən bu ifadə deyilir: "Ağrım səndə, uğurun məndə", "Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar", "Bayram günü ailənin sayı qədər şam yandırarlar", "küslülər barışarlar" və s. 24News.ge xəbər portalının yaradıcı kollektivi adından siz dəyərli oxucularımızı Novruz Bayramı münasibəti ilə təbrik edir, sizə və ailənizə ruzili-bərəkətli xoş günlər arzu edirik. BAYRAMINIZ MÜBARƏK OLSUN!

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989