Haqqımızda Reklam
02 
Mar
2024
19:02
40
8
644

Bakı-Tbilisi-Qars dəmir yolunun idarə olunması məqsədilə birgə müəssisə yaradılacaq

Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış müvafiq sənədə əsasən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun idarə olunması məqsədilə birgə müəssisə yaradılacaq. 24News.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib. Onun sözlərinə görə, layihə üzrə işlər tam başa çatdıqdan sonra bütün əməliyyatlar bu müəssisə tərəfindən həyata keçiriləcəkdir: "Bu istiqamətdə də artıq işlərə başlanılıb, hüquqi sənədlər hazırlanıb və yaxın günlərdə birgə müəssisənin yaradılacağı gözlənilir". R.Rüstəmov bildirib ki, birgə müəssisə hər iki tərəfin 50 % paya malik olması şərti ilə yaradılır: "Birgə müəssisənin əsas işi layihə ilə bağlı bütün işlərin həyata keçirilməsi, yükdaşınması üzrə tariflərin müəyyən olunması, yüklərin daşınması və bütövlükdə əməliyyat məsələlərinin həll olunmasından ibarətdir". Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989